Elektron ədəbiyyat və sənət portalı

Türk tarixinin öncülləri

Bölmə: Tarix 05.12.2016

İlhami DURMUŞ
(Türkiyə)

(Əvvəli ötən sayımızda)

Türklərin var olması tarixin dərin qatlarına qədər gedib çıxır. Onlar öz strukturu ilə seçilən dövlətlər qurub və bu ərazilərdə sivil formada yaşayıblar. Bu dövlətlərdən biri də İskit/Sak olub. Bu dövlət Çinin şimal-qərbindən başlayaraq Xəzər dənizi boyunca bütün Türküstanı əhatə etdiyi kimi, Xəzər dənizindən Dunay çayına, oradan da Qara dənizin şimalındakı çöllərə qədər gedib çıxırdı. Bundan başqa, adıçəkilən dövlətin sərhədləri Misirə qədər uzanan böyük bir ərazini əhatə edirdi və Ön Asiyanın torpaqları da bu dövlətin tərkibində idi.

Belə bir geniş əraziyə malik İskit/Sak dövlətinin əsasını təşkil edən xalqın adı da fərqli qövmlər tərəfindən müxtəlif şəkildə işlənib. Yunan mənbələrində “skythai”, assur mənbələrində “aşguzai”, çin mənbələrində “sau (sak)” və fars mənbələrində təqdim edilən “saka” buna misal ola bilər. Xüsusilə fars mənbələrində verilən və üç ayrı “saka” qrupuna aid edilən bu dövlətin adı şərqdə Mançuriyadan başlayaraq, qərbdə Macar ovalığına, hətta Qafqazlardan cənuba – Misir sərhədlərinə qədər yayılmış toplumun adı kimi qəbul edilib.

Qərb mənbələrində İskit, Şərq mənbələrində Sak olaraq göstərilən bu insan toplumların soykökü də faktlar əsasında təqdim edilir. Onların türk olduqları dil, dini inanclar, adət-ənənələr və sənətkarlıq anlayışları vasitəsilə açıq şəkildə göstərilir. Belə bir dövlətə və dövlət quruluşuna sahib olan xalqın qəhrəmanlıqları da tarixin səhnəsindən yan keçməyib. İstər dastanlarda, istərsə də tarixi sənədlərdə qəhrəmanlıq dönəminin başlanması, qəhrəmanların cəmiyyət içində tanınması və sevilməsi yalnız güclü bir dövlət quruluşuna mənsub xalqa aid ola bilər. Bu dövlət isə Sak Türk dövlətidir.

 

Alp, Ər və Tonqa adlarının yaranma tarixi

 

Türk dilində olan yazılı qaynaqlar öyrənilərkən Alp, Ər və Tonqa adlarının ilk olaraq Göytürk dönəmində ortaya çıxdığı məlum olur. Lakin türklərin ilk böyük dövləti Göytürk olmayıb. Bir qədər əvvəl haqqında söz açdığımız İskit/Sak dövləti zamanında da bu qəhrəmanlıq titulları mövcud olub. İskit/Saklara aid məlumatlara o dövrlərə aid digər qaynaqlarda da rast gəlmək mümkündür. Onların arasında ən önəmli yeri yunan qaynaqları tutur ki, onlara əsaslanaraq bəzi adların mənşəyini dədiqləşdirmək mümkündür.

Gəlin, əvvəlcə “ər” sözünün mənşəyi üzərində dayanaq. Herodot yazır ki, iskitlər amazonlara “oiorpata” deyərdilər. Onun fikrincə, iskit dilində “oior” ər, kişi, “pata” da öldürmək mənasını verir. Buradan da “oiorpata” sözünün mənası “kişi öldürənlər” kimi anlaşılır. Burada “oior” olaraq yazılan söz, türk dilində “ər, kişi” anlamını verir. “Pata” sözü isə “bata” şəklindədir və “batırmaq” mənasında anlaşılır. Sözün kökü isə “batır”dır. Buradan da batmaq və batırmaq” feilləri meydana gəlib.

“Oiorpata” sözünün türk dilində qarşılığı “kişi öldürən” anlamındadır. Zatən hər hansı bir adamın öldürülməsində dövrün savaş silah-sursatlarının istifadəsi nəzərə alınarsa, bu, “batırmaq” şəklində olur. Ox, nizə, hər iki tərəfi və ucu iti qılınc və xəncərin eyni məqsədə xidmət etdiyi məlumdur. İskit dövründə “alp” sözünün varlığına diqqət yetirmək lazımdır. İskitlərin soyundan söz düşdükdə onların atasının Targitaos (Targitay) olduğu və onun üç övladının varlığı nəzərdə tutulur. Onlardan birinin adı Lipoksais (Lipoksay) olub. Yunan dilində yazılan bu adın əvvəlində işlənən “lip”in kar samitlərdən ibarət olmaqla “lp” olduğu, sözün əvvəlindəki “a” səsinin düşdüyü və iki kar samit arasında bir cingiltili samitin işlənildiyi diqqəti çəkir. Buradakı “lip”in “alıp” – yəni “alp” olması vurğulanır.

Türk mədəniyyəti çərçivəsində “alp” sözünün “alıp” şəklində işləndiyi məlumdur. Bu sözün “al” və ondan əmələ gələn “almaq” feililə bağlı olması ortaya çıxır. “Al” feilinin “almaq” anlamında işlənməsi də məlumdur. “Alp” və ya “alıp” sözlərinin “al” feilindən yarandığı fərz edilir. İskit zamanlarında şəxs adı kimi “Tonqa” adının geniş yayıldığı məlum olub. “Marsaget” şəxs adı da diqqət çəkir. Burada “mars” olaraq işlənən birinci sözün “bars” – bəbir olduğu və “get, ket” sözünün də “qüvvətli, möhkəm, seçilmiş” anlamına gəldiyi vurğulanır.

 

Turan-İran mübarizəsinin meydanaçıxma səbəbləri

 

İskit/Sakların Asiyanın şərq-qərb istiqamətlərinə nüfuz edərək, Orta və Şimali Asiya ilə Cənubi Rusiya arasında olan Qara dənizin şimal sahilləri boyunca çöllük ərazilərə yayılması, həmçinin Qafqazlardan Ön Asiyaya enmələri mühüm siyasi inkişafa səbəb olub. İskitlər yurdlarından qovduqları kimmerlər, urartulular, assuriyalılar, friglər və lidiyalılarla mübarizə aparıblar. İskitlərin Ön Asiyaya yayılmaları əsasən kimmerləri təqib etdikləri zaman baş verib. Onlar Protothyasın oğlu və İskit hökmdarı Madyasın komandanlığı altında böyük bir orduyla Qafqazlardan cənuba doğru hərəkət ediblər. Bu yöndə medlərin iskitlərlə müharibə etmələri, məğlub olmaları və güclərini itirmələri iskitlərin Ön Asiyanın böyük bir hissəsinə yayılmalarına şərait yaradıb.

Turan-İran müharibələri e.ə. VI yüzillikdə də davam edib. Tarixdən Kyrosun (Kirosun) da Türküstanda yaşayan saklara qarşı bir dəfə yürüş etdiyi məlumdur. Bu yürüşdə Sak hökmdarı Amorges Kirosa əsir düşüb. Bundan sonra Kiros sakları öz əsarəti altına alıb. Lakin Amorgesin xanımı Sparetra dağılmaqda olan sakları bir yerə toplayaraq əks hücuma keçib, Kirosu geri çəkilməyə və sülh razılığına gəlməyə məcbur edib. Bu razılığa əsasən, sak hökmdarı Amorges əsarətdən xilas olub.

Kirosun şərq saklarla mücadiləsi sonralar da davam edib. Bu mübarizələrdən biri də Kirosla Tomris arasında baş verib. Kiros bir hiyləylə Tomrisin oğlu Sparkapisesi əsir alıb. Buna qəzəblənən Tomris Kirosu döyüş meydanında məğlub edərək onu qətlə yetirib.

Darius (Dara) da saklarla mücadilə etmək məcburiyyətində qalıb. Bisütun kitabəsindən məlum olduğu kimi, Darius şiş papaqlı – yəni ox şəklində iti ucu olan papaq geyinən sakların ölkəsinə etdiyi hücumda onların bir qisminə qalib gəlib, Sak başçılarından Sakunkhanı əsir götürüb. Dara saklarla döyüşə gedərkən əsgərlərinə Sak əsgərlərinin döyüş paltarını geyindirərək hiylə işlədib. Bu səbəbdən də Sak başçıları məğlub olaraq çöllərə çəkiliblər. Sirak adlı bir çoban qəsdən yolu onlara səhv göstərməklə ölkəsini məğlubiyyətdən qurtarıb. Dara Qara dəniz saklarına qarşı bir dəfə də müharibə edib, lakin o, müharibədə heç bir uğur qazana bilməyib.

 

Alp Ər Tonqa tarixi şəxsiyyəti kimi

 

Kimmerləri yurdlarından qovan iskitlər bunun ardınca Qafqazları Şərqdən dolaşaraq Xəzər dənizi sahillərinə – Dəmirqapı Dərbəndə, oradan da Azərbaycana və daha da cənub tərəflərə qədər gedib çıxa biliblər. İskitlərin artmalarının pik nöqtəyə çatdığı zamanda Mediada (Midiyada) Kıyaksares hökmranlıq edib.

Protothyasın oğlu və iskit hökmdarı olan Madyasın komandanlığı altında yürüşə çıxan böyük bir iskit ordusu Midiyaya doğru irəliləmişdi. İskitlərin daha geniş ərazilərə yayılmalarının qarşısını almaq istəyən midiyalılar müqavimət göstərsələr də, müharibədən təzəcə çıxdıqları üçün olan-qalan güclərini də itirdilər və bunun da nəticəsi kimi iskitlər bütün Asiyaya yayıla bildilər. Daha sonra onlar Misir sərhədlərinə tərəf irəliləsələr də, Misir kralı Psammetikos onları hörmətlə qarşılamış, bac-xərac verərək geri qayıtmaqlarına nail ola bilmişdi.

Asiya iyirmi səkkiz il ərzində iskitlərin nəzarəti altında qalıb. Amma onların nüfuzlu sərkərdə və döyüşçülərinin böyük bir hissəsi Kiyaksaresin və midiyalıların qonağı olarkən girov götürülüblər. Beləliklə də iskitlərin Asiyadakı hökmranlığına son qoyulub.

İskitlərin hakim icma olaraq Ön Asiyada hökmranlıq etdikləri dövr e.ə. 653-625-ci illər ərzindəki iyirmi səkkiz ili əhatə edir. Lakin davamlı müharibələr, iqlim dəyişiklikləri iskitlərə mənfi təsir edib, saylarının azalmasına səbəb olub və nəticədə iskitlər zəifləyiblər. İskit/Sakların bütün Türküstana, Qara dənizin şimalındakı çöllərə, İran, Suriya-Fələstin ərazilərinə eyni anda hakim olduqları dövr yuxarıda qeyd edilən tarixlər arasındakı dövrdür. Dastanlarda təqdim edilən bu yayılma Protothyas və Madyas dövrlərində gerçəkləşib. Onların Türküstandan başlayaraq, Xəzər dənizinin şimalına, oradan da İtil çayı boyunca hərəkət edərək Qara dənizin şimalından keçməklə Qafqazlara – Azərbaycana, Anadoluya və İrana gəlib çıxmaqlarını dastanlardakı məlumatlar da təsdiqləyir. Turan tayfalarının İran ərazilərinin şərqindən, şimalından və qərbindən aypara şəklində yayılmaları yuxarıda göstərilən tarixlər arasında təxminən 25 illik zamanı əhatə edir. Həmin dövrlərdə iskitlər öz güclərinin pik nöqtəsində olublar. Onların Xəzər dənizinin şərq tərəfindən şimala çıxaraq Kavimlər Qapısı kimi tanınan yerdən keçdikləri, Xəzər dənizinin qərbindən cənub ərazilərinə çatdıqları dövr də tarixi qaynaqlara görə elə yuxarıda qeyd etdiyimiz dönəmlərdir.

E.ə. 625-ci ildə səfərlərdə güclərini itirən iskitlərdən sağ qalanların aldadılaraq məhv edilməsi də İskit hökmdarı Madyasın hökmranlığı zamanına təsadüf edir. Bu da onların Midiyadan geri çəkilmələrinə səbəb olub. Bəzi mənbələrdə Madyasın özünün də məlum qonaqlıqda qətlə yetirildiyi bildirilir.

Bu hadisələr İskit/Sakların mərkəzi ittifaqının zəifləməsinə səbəb olub. Çinlilər e.ə. 623-cü ildə Sak dövlətinin on iki bəyliyini zəbt ediblər. Belə bir vəziyyətin yaşanmasına səbəb yalnız böyük və qüdrətli bir hökmdarın ölümü və mərkəzi ittifaqın parçalanması ilə izah oluna bilər. Həmin o qəhrəman da adı assur mənbələrində Maduva, yunan mənbələrində Madyas kimi xatırlanan şəxs olmalıdır. Buna görə də türk dastanlarında “Tonqa Alp Ər”, İran dastanlarında “Əfrasiyab” adıyla tanınan tarixi şəxslə Sak dövlətinə ən qüdrətli dövrünü və süqutunu yaşadan böyük qəhrəmanın eyni tarixi şəxsiyyət olduğu qəbul edilir.

Dilimizə uyğunlaşdıran Əyyub QİYAS