Parisin “Şamaxı şahzadəsi”

Tarix 05.12.2016 142

I yazı

...Məzarlığın sükutunda qəribə hikmət dolaşır. Burada sanki zaman donub, saatın əqrəbləri fırlanmır, bir addımlıqda olan nəhəng şəhərin uğultusu eşidilmir, hətta soyuqdan üşüyən ağaclardan ara-sıra qopan qızılı yarpaqlar da havada sakitcə ləngər vura-vura lal-dinməz yerə döşənir. Məzarlığı özünə məskən seçmiş qara qarğalar da, nədənsə, bu səhər gözə dəymir. Hardasa yaxınlıqda gizləniblər, çünki hərdən səsləri sükuta dalmış məzarlıqda əks-səda verir, quru budaqların, ya da xeyli aralıdakı məzar daşlarının üstünə qonub narahatlıqla ətrafa göz gəzdirir, ora-bura vurnuxurlar, yəqin, dəfn mərasiminin bitməsini gözləyirlər.

Parisin Sent-Jenevyev-de-Bua məzarlığına xeyli insan toplaşıb. Burada, adətən rus mühacirlər dəfn olunur. 1953-cü ilin soyuq noyabr günü Avropanın bir çox şəhərlərində məskunlaşmış rus mühacirləri, keçmiş car generalları, Romanovlar sülaləsinin nümayəndələri, sənət adamları dahi yazıçı İvan Bunini son mənzilə yola salmaq üçün bir araya gəliblər. Vida nitqləri indicə bitib, Buninin dostları, yazıçılar Andre Marlo, Mikos Kazaçakis, Anri Monterlen, Ernst Yungen və başqaları mərhum barədə ürəkağrısı ilə danışdılar. İndi isə hamı susub. Keşişin duasından və məzardakı tabutun üstünə tökülən torpağın səsindən başqa, nəsə eşidilmir. Məşhur fransız memarı, Buninin yaxın dostu Ferik Töle də çox kədərli görünür. Həyat yoldaşı – qara, iri gözləri, qara saçları, girdə çöhrəsi ilə hamıdan seçilən bu qadın bayaqdan göz yaşlarını saxlaya bilmir. Başını ərinin köksünə dayayıb, Ferik də onu qucaqlayıb ovundurmağa çalışır.

- Sakit ol, əzizim. Hər şey Tanrının əlindədir, biz bəndələrin əlindən nə gələr ki? Qoy məkanı cənnət olsun...

Qadın göz yaşını silir, soyuqdan donmuş incə dodaqları güclə tərpənir, qəhər onu boğur, pıçıltı ilə deyir:

- Onun yoxluğuna inanmaq istəmirəm, Ferik... Belə adam ölə bilməz... yox, dahilər ölmür, onun buna haqqı yoxdur...

İvan Bunin üçün göz yaşı tökən bu qadın Parisdə mühacir həyatı yaşayan tanınmış yazıçı, Bakı milyonçusu Şəmsi Əsədullayevin qızıdır. Fransadakı dostları və oxucular Ümbülbanu xanımı “Banin” təxəllüsü ilə tanıyırlar.

...Onun İvan Buninlə tanışlığı sanki dünən olmuşdu. İndiki kimi yadındadır, 13 iyun 1946-cı ilin isti bir yay axşamı idi. İkinci Dünya müharibəsi yenicə bitmişdi. Parisdə həyat yavaş-yavaş öz axarına dönürdü. Düzdür, adamlar ərzaq sarıdan qıtlıq çəkirdilər, amma cibində pulun varsa, şəhərin dükan-bazarında istədiyini tapa bilərsən, ən əsası isə növbənöv Fransız şərablarını! Müharibə də onların dadını dəyişməyib...

Fransada mühacir həyatı yaşayan məşhur rus yazıçı-satiriki Teffinin mənzilinə ən yaxın dostlar toplaşmışdı. Ümbülbanu da gələn qonaqlar arasında idi. Teffi – “XX əsr rus yumorunun kraliçası” adlandırılan Nadejda Aleksandrovna Loxvitskaya Banunun ən yaxın rəfiqəsi sayılırdı. Aralarında 33 yaş fərqi olsa da, tez-tez görüşür, şəhər gəzintisinə çıxırdılar. Əslində, Baninin yenicə dərc olunmuş “Qafqaz günləri” adlı ilk kitabının ideya müəllifi də bu rus xanım idi. Teffi bir peşəkar yazıçı kimi elə ilk görüşdə anlamışdı ki, bu qarabuğdayı şərq qızının fitri istedadı, yaxşı müşahidə qabiliyyəti və səlis dili var. Ona görə də rəfiqəsini yazmağa həvəsləndirmişdi...

Budur, indi Banin məclisə artıq bir yazıçı kimi gəlib. Qonaqların da böyük əksəriyyəti qələm əhlidir. Yaxın rəfiqəsi, rus imperator sarayının freylini, Romanovlar ailəsinin yaxını Canet Andronikova da buradadır. Ev sahibəsinin təklifi ilə şərab süzülmüş badələr Baninin şərəfinə qaldırılır, hamı onu ilk kitabı münasibəti ilə təbrik edir.

- “Qafqaz günləri”ni birnəfəsə oxudum. Açığını deyim ki, ilk qələm təcrübəsi üçün heç də pis deyil. Çox cəsarətli fikirləriniz var. Həm də, nəzərə alsaq ki, Qafqazın vurğunuyam, deməli, mənim simamda daimi oxucu tapmışınız. İcazənizlə, özümü təqdim edim: İvan Alekseyeviç Bunin.

Banu bu rus yazıçısı barədə çox eşitmişdi. Əvvəllər Teffinin evində onun divardan asılmış şəklini də görmüşdü. Bilirdi ki, İvan Bunin 1933-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

- Təşəkkür edirəm, sizin kimi daimi oxucu üçün həmişə yazmağa hazıram və bu, mənim üçün böyük şərəfdir, İvan Alekseyeviç.

Onlar söhbət edə-edə şüşəbəndə keçdilər. 76 yaşlı yazıçı çox cavan görünürdü. Seyrək saçlarına dən düşsə də, iri gözləri və iti baxışları Banuya olan marağını dərhal bəlli edirdi.

- Bilirsiniz, Şərq həmişə məni cəlb edib. Məfkurə fərqini, insanların yaşam tərzindəki təzadları dərindən öyrənməyə, həyata baxışlarını duymağa çalışmışam. Hətta 1907-ci ildə Fələstin, Suriya və Misirə səfər etmişəm. Nə deyim, Şərqin nağıllara bənzər dünyasını, qəribə adət-ənənələrini anlamaq bir rus şairi üçün heç də asan deyil. Amma kitabınızda məni düşündürən bəzi suallara cavab tapmağa çalışdım.

Banu gülümsündü və yerini rahatladı. Bu maraqlı həmsöhbəti dinləmək əlinə yenicə qələm almış yazar üçün xoş bir fürsət idi.

- Hansı suallara cavab axtarırdınız?

- Məsələn, necə olub ki, gözəl bir qadının ruhu dostum Sergey Yesenini bu cür pərvazlandırıb?

 

Toxunar otlara ay, işığıyla

Sən titrək saçıma toxunduğuntək.

Gülümsə, ilahə yaraşığıyla,

İnan, qəlb evini vüsal döyəcək

Sən titrək saçıma toxunduğuntək.

 

Şahanə, Şahanə, mənim Şahanəm!

Orda, şimalda da bir qız yaşayır.

Bilmirsən, o, sənə necə oxşayır.

O, məni düşünür, bəlkə də, bu dəm...

Şahanə, Şahanə, mənim Şahanəm!

 

Gözəldir! Mən Yeseninin ağlını başından çıxarmış Şahanə obrazını heç cür təsəvvürümdə canlandıra bilmirdim. Amma bu axşam, sizi görəndən sonra qəti əmin oldum: Şahanə yalnız sizə bənzəməlidir...

Banunun utandığından çöhrəsi qızarmışdı.

- İvan Alekseyeviç, dahi yazıçıdan belə tərif eşitmək xoşdur. Əgər Azərbaycana gəlsəydiniz, siz də bizim gözəllər barədə neçə-neçə əsrarəngiz əsərlər yazardınız. Heç şübhə etmirəm ki, bizim qadınların igidliyinə, ismətinə heyran qalardınız. Azəri qadınları mərdlikdə, dostluqda kişilərdən heç də geri qalmırlar. Onlar ailəyə sadiqdirlər və xoşbəxtliklərini qorumaq üçün hər çətinliyə dözməyə hazırdırlar.

- Digər tərəfdən də Tanrı onlara ilahi gözəllik bəxş edib. Bilirsiniz, Şərq nağıllarını sevdiyim kimi, sizə də ürəkdən vuruldum. İcazə verin, əziz dostum, bu gündən etibarən sizi “Şamaxı şahzadə”si adlandırım...

Fərhad SABİROĞLU