Ürəkdən yazılmış sözlər

Ədəbiyyat 12.12.2016 107

Məşhur ataların övladlarına məktubları

Rus aktyoru Yevgeni Livanovun oğluna məktubu

 

Andryuşa, mən səni necə sevirəmsə, sən də məni elə sev. Heç bilirsən, sevgi necə böyük sərvətdi? Doğrudu, bəziləri hesab eləyir ki, mənim sevgim nəsə başqa cürdü və guya bu cür sevmək adama ancaq zərər verir. Bəlkə, doğrudan da, mənim sevgim sənin məktəbdə nümunəvi şagird olmağına mane olur? Mən ki doqquzillik məktəb həyatında səni bircə dəfə də olsun çırpmamışam.

Yadına gəlir, bir dəfə lövhənin qarşısında üz-gözünü əyib oyun çıxarmışdın, bütün sinif də uğunub getmişdi. Sonra da müəllimin məni yaxşıca məzəmmət elədi. Mən üçqat günahkar görkəm alıb küncdə dayanmışam, o isə məni məktəbli oğlan kimi danlayır, ürəyi soyumur: “Oğlunuz dərsimi pozdu. Qırx beş dəqiqə dərs keçməyimə imkan vermədi. Özü oxumur, başqalarına da mane olur. Onu məktəbdən çıxarmalı olacaqsız. Uşağa söz də təsir eləmir...”

Köynəyim, pencəyim, mokasinlərim də utanc tərindən yamyaş olub, müəllim isə sakitləşmək bilmir. Ürəyimdə fikirləşirəm ki, evə çatan kimi ona bir şapalaq ilişdirəcəm. Bu fikirlərlə də məktəbdən çıxıb Komsomolski prospektinə gedirəm. Həyəcandan nə taksiyə otura bilirəm, nə də trolleybusa, piyada gedirəm...

Əlində ağır çanta aparan bir qadın görürəm. Yanındakı uşaq ağlayır. Məni görən kimi gülümsəyir. Ötüb keçirəm, arxadan səslərini eşidirəm: “Görürsən, Vinni-Pux da sənə gülür...” Tanımadığım birisi mənə salam verir. Payız küləyi üzümə vurur. Zərbə almış adam kimi evə yaxınlaşıram, içəri girəndə şapalaq tamam yadımdan çıxır, səni görüb soruşuram: “ Sinifdə sir-sifətini nə günə qoymusan ki, hamının xoşu gəlib, göstər görüm?” İkimiz də uğunub gedirik.

Məktəbə növbəti dəfə çağırılana qədər belə davam edir. Anan, ümumiyyətlə, məktəbə getmir. Mənsə uzanıb düşünürəm ki, “kaş gecəylə başqa şəhərdə çəkilişə çağıraydılar, ya da məşqdən buraxmayaydılar”. Amma səhər tezdən mən uçuşumu təxirə salıram, məşqdən icazə alıram və küncdə yerimi tutmaq üçün məktəbə qaçıram.

Bu məktubu yanlışları düzəltmək üçün yazıram və bəlkə də, bəzi personajlarım kimi qəribə, gülməli görünürəm. Amma mən beləyəm. Bil ki, ata qəlbinin nigarançılığından təbii heç bir şey yoxdu, oğlum.

Evdən uzaqda olanda çox darıxıram, sənin hər sözünü, sualını yadıma salıram. Səninlə uzun-uzadı söhbət eləmək istəyirəm, bilirəm ki, hər şey haqqında danışmağa ömrüm yetməz. Amma ən əsası nədi, bilirsən? Mən bütün bunları anamın, sənin nənənin ölümündən sonra başa düşdüm. Ah, Andryuşa, sənin həyatında elə bir adam varmı ki, onun qarşısında uşaq olmaqdan, axmaq, müdafiəsiz görünməkdən qorxmayasan? Varsa, bil ki, o adam elə sənin müdafiəndi.

Tezliklə evdə olacağam. Atan.

Leninqrad. 3 oktyabr, 1974.

 

Amerika yazıçısı Skott Ficeraldın qızı Skottiyə məktubundan parça

 

...Qorxuram ki, gələn dəfə bundan da ağır zərbə alasan. Amma eybi yox, əvəzində öz işlərini ağılla qurmağı öyrənmiş olarsan. Nə vaxtsa biabır (bu qaçılmazdı, mən sənin acını azaltmaq istərdim, amma yenə də çox ağrılı olacaq. Çünki insan öz təcrübələrindən öyrənir) olacaqsan. Hərçənd, bu sənin böyük bir insan ailəsinin kiçişik parçası olduğunu anlamaq istəməməyin qədər qorxulu deyil. Hələlkisə, hər məsələdə yelbeyinlik eləyirsən.

... Mən passiv həyat üçün uyğunlaşan qadınları sevmirəm. Həyatda ən böyük arzularımdan biri səni belə şeylərdən mühafizə etməkdi. Çünki elə adamlar həm özlərinin, həm də başqalarının həyatını məhv edir (...) Qərara gəlmişəm ki, bu günə qədər başqalarının səhvini düzəltdiyim yetər. Və əgər sən elələrindən deyilsənsə, mən nəyisə dəyişməyə çalışmayacam...

Nə qədər ki, hansı məqsədə doğru irəlilədiyini hiss eləmirəm, səninlə işimiz çətin olacaq. Çünki sənin zamanı necə mənasız və bayağı keçirdiyini müşahidə eləmək dözülməz dərəcədə ağırdı.

Əziz Skotti, ümidsizliyə qapılanda, sənə elə gəlir ki, heç nə alınmayacaq və heç nə eləmək mümkün deyil. Amma, əzizim, bil ki, məhz həmin zamanlarda sən sözün həqiqi mənasında irəli gedirsən...

 

İtaliya yazıçısı Umberto Ekonun nəvəsinə məktubu

 

Əziz nəvəm, bu Milad məktubumun yaxınlarımıza, qohumlarımıza və başqa şeylərə sevgi aşılayan ibrətamiz ruhda olmasını istəməzdim. Sən bu məsləhətlərə qulaq asmazdın. Çünki sən çox böyümüsən, mənsə çox yaşlıyam. Dəyərlər sistemi elə dəyişib ki, mənim məsləhətlərim yersiz görünə bilər.

Beləliklə, sənə elə bir məsləhət vermək istəyirəm ki, planşetdən istifadə elədiyin bu günlərdə karına gəlsin. Mən deyingən qoca kimi görünməkdən qorxduğumçün sənə “planşeti bir kənara at” deyə bilmərəm. Axı mən özüm də ondan istifadə edirəm. Uzaqbaşı, saysız-hesabsız pornoqrafik saytlara çox diqqət ayırmamağı məsləhət görə bilərəm. Orda yazılanlar və göstərilənlər səni evə bağlamaq və şəhərə çıxıb gözəl qızlarla tanış olmağına, real insanları görməyinə mane olmaq üçündü. Çox gəncsən, bu yaşlı babanın məsləhətlərinə qulaq as: məktəbdə və ya oyun meydançasında qızlara bax. Çünki onlar televiziya personajlarından yaxşıdılar və nə vaxtsa sənə online qızlardan daha çox sevinc bəxş eləyəcəklər. Mənə inan, çünki təcrübəm səndən çoxdu. Əgər mən indi sənin kompüterdə baxdığın seks oyunlarına baxsaydım, sənin atan heç vaxt doğulmazdı. Onda heç sən də olmazdın.

Mən bu barədə danışmaq fikrində deyiləm. Bugünkü və gələcək nəsli təsirinə salmış xəstəlikdən - yaddaşın itirilməsindən danışmaq istəyirəm.

Bax, məsələn, sən Böyük Karlın kim olduğunu və yaxud Kuala Lumpurun harda yerləşdiyini öyrənmək istəsən, düyməni basmaqla internetdən hər cür məlumat əldə eləyə bilərsən. Zərurət yarananda bunu elə, amma əldə elədiyin məlumatın məzmununu yadda saxlamağa çalış ki, eyni şey ikinci dəfə sənə lazım olanda yenidən axtarmayasan. Ən pisi odu ki, sənin istənilən sualına cavab verən kompüter, informasiyanı yadda saxlamaq istəyini əlindən alır.

Belə bir müqayisə aparaq. Məsələn, harasa tələsən insan biləndə ki, bu küçədən o birinə avtobusla, və ya metroyla getmək daha rahatdı, onda qərara gəlir ki, piyada getməyə heç bir ehtiyac yoxdu. Amma insan piyada gəzməsə, onda o, əlil arabasıyla hərəkət etməyə məhkum zavallıya çevrilər. Ooo, pardon, sənin idmanla məşğul olduğunu və bədənini istədiyin kimi idarə elədiyini axı bilirəm, gəl qayıdaq beyninə.

Yaddaş sənin ayağındakı əzələlər kimidi. İdman eləməsən, süstləşər və sən idiota çevrilərsən. Üstəlik, hamımızın yaşlandıqdan sonra Altsaymer xəstəliyinə tutulmaq riskimiz var. Və belə acı sonluqdan qaçmağın üsullarından biri də yaddaşımızı daim məşq etdirməkdi.

Mənim reseptim belədi. Hər səhər kiçik bir şeir parçası əzbərlə (uşaq vaxtı bizi buna məcbur edirdilər). Dostlarınla ən yaxşı yaddaş yarışı keçirmək olar. Əgər poeziyadan xoşun gəlmirsə, futbol komandalarının heyətini əzbərləyə bilərsən. Amma bununçün təkcə Roma klubu komandalarının oyunçularını tanımaq azdı. Digər komandaların oyunçularını, keçmiş heyətini (təsəvvür elə ki, Superq yamacında qəzaya uğramış təyyarədəki Turin komandasının oyunçularının adı indi də yadımdadı: Baçiqalupo, Ballarin, Marozo və sair) də tanımalısan. Yarışın, görün, oxuduğunuz kitab kimin yadında daha yaxşı qalıb. Məsələn, Dartanyan və üç muşketyorun qulluqçularının adını (Qrimo, Bazen, Muşketon və Planşe) yoldaşlarından kim xatırlayır. Əgər “Üç müşketyor”u oxumaq istəmirsənsə (hərçənd, o kitabı oxumamaqla nələr itirdiyini özün də bilmirsən), onda başqa kitablarla yarış.

Bu, oyuna oxşayır. Əslində elə oyundu da. Amma özün görəcəksən ki, beynin müxtəlif qəhrəmanlarla, tarıxlə, müxtəlif xatirələrlə dolacaq. Öz-özünə sual verirsənmi, görəsən, niyə kompüteri nə vaxtsa elektron beyin adlandırırdılar? Ona görə ki, o, bizim beynimizin modeli əsasında hazırlanıb. Amma insan beyninin imkanları kompüterdən çoxdu. Beyin elə bir kompüterdi ki, daim səninlədi. Çoxlu məşq eləsən, onun imkanları da genişlənər. Sənin masaüstü kompüterin, uzun müddət istifadə edildikdə sürətini itirir və bir neçə ildən sonra yenilənməsi tələb olunur. Amma beynin sənə 90 il xidmət eləyə bilər. Və əgər 90 yaşında da onu məşq elətdirsən, bugünkündən də çox şey yadınqa qalacaq. Üstəlik də pulsuz.

Bir də tarixi yaddaş var ki, orada sənin doğumundan əvvəlki hadisələr yaşayır. Bu gün sən kinoteatra getsən, gərək seans başlamamış içəri girəsən. Çünki film başlayan kimi, sənə hadisələri nəql eləməyə başlayır. Mənim zamanımda isə kinoteatra istənilən vaxt, hətta filmin ortasında da girmək olardı. Hadisələrin çoxu sən gəlincəyə qədər cərəyan edirdi və filmin əvvəlində nələr olduğunu özün düşünüb tapmalı idin. Bu gün həyat mənə o vaxtkı filmləri xatırladır... Yaşımızdan əvvəl olanları bilmək ona görə vacibdi ki, müasir hadisələrin nə üçün baş verdiyini anlayaq. Məktəb bunu sizə yaxşı öyrədə bilmir. Sorğular da göstərir ki, 1990-cı illərdə doğulmuş gənclər 1980-ci illərdə baş verənləri (50 il əvvəli isə heç demirəm) bilmir, ya da bilmək istəmir. Onlardan Aldo Moronun kim olduğunu soruşanda “Qırmızı briqadalar”ın rəhbəri olduğunu deyirlər. Halbuki onu həmin radikal-solçu təşkilatın üzvləri qətlə yetirmişdilər. “Qırmızı briqadalar”ın fəaliyyəti çoxu üçün sirdi, halbuki onların siyasi səhnədə olmasından cəmi 30 il keçib.

Bil ki, yaddaşını təkcə kitab və jurnallar yox, həm də kompüter vasitəsilə məşq elətdirməlisən. Bu yaddaş təkcə dostlarınla söhbətdə karına gəlməyəcək, dünya tarixini bilməyinə də yardım edəcək. Xettlər kim olub? Kolumbun üç gəmisi necə adlanırdı? Dinozavrların kökü nə vaxt kəsilib? Mali imperiyası haqqında nə bilirsən? Tarixdə ikinci Papa kim olub? Mikki Mausu kim yaradıb? Bu siyahını uzada bilərəm. Bunların hər biri geniş araşdırma mövzusudu və hamısını yadda saxlamaq lazımdı.

Bir gün sən də qocalacaqsan və əgər Vaterloo döyüşündə “iştirak eləsən”, Yuli Sezarın öldürülməsi zamanı “orada olsan”, həvəngdəstədə müxtəlif maddələri qarışdırıb qızıl əldə eləmək istəyən, amma təsadüf nəticəsində barıtı icad eləyib, sonra özü də havaya uçan (ona bu da azdı!) Bertold Şvartsın gəzdiyi yerləri “dolaşsan”, minlərlə insan ömrünü yaşadığını hiss eləyəcəksən. Öz yaddaşını zənginləşdirmək istəməyən dostlarınsa, ancaq öz həyatını yaşayacaq: monoton, emosiyalardan uzaq bir həyat.

Buna görə də yaddaşını zənginləşdir və elə günü sabah «La Vispa Teresa»nı (XIX əsrdə İtaliyada Luici Seyler adlı müəllifin uşaqlar üçün yazdığı şeir) əzbərlə.

 

Amerika yazıçısı Con Stenbeykin oğluna məktubu

 

Əziz Tom, məktubunu bu səhər aldıq. Mən nə düşündüyümü yazıram. Eleyn (Tomun anası – red.) isə fikirlərini özü sənə yazacaq.

Əvvəla, əgər aşiq olmusansa, bu, dünyada insanın başına gələ biləcək ən gözəl şeydi. Heç kimin bu dəyəri gözündə alçaltmasına imkan vermə.

İkincisi, bir-neçə növ sevgi var. Onlardan biri öz əhəmiyyətini göstərməkçün sevgidən istifadə eləyən eqoist, amansız və acgöz hissdi. Bu, sevginin ən iyrənc və alçaq növüdü. İkinci sevgi növü insana özündə də mehribanlıq, diqqət, hörmət kimi ən gözəl keyfiyyətləri aşkarlamağa imkan verir. Birinci növ səni xəstə, dayaz və zəif eləyə bilər, ikinci isə sənin içində heç özünün də bilmədiyin gücü, qüdrəti, mərhəməti, hətta müdrikliyi ortaya çıxarar.

Düşünmürəm ki, məndən nə hiss elədiyini söyləməyimi istəyirsən. Sən özün bunu başqasından daha yaxşı bilirsən. İndiki halda nə eləməli olduğuna məndən kömək istəyirsən və sənə bunları deyə bilərəm.

Sevgidən zövq al, sevin və ona minnətdar ol. Sənin sevgi obyektin ən gözəli və ən yaxşısıdı. Çalış, ona layiq olasan.

Birinə aşiqsənsə, bunu etiraf eləməkdən çətin şey yoxdu. Amma yadında saxla ki, bəzi adamlar çox utancaqdırlar və çox vaxt bununla hesablaşmaq lazımdı.

Qızlar qarşı tərəfin nə hiss elədiyini yaxşı başa düşürlər, amma bunu sənin öz dilindən eşitmək istəyirlər.

Bəzən hisslərin müxtəlif səbəblərdən qarşılıqsız qala bilər. Amma bu, heç də o hisslərin dəyərini azaltmır.

Sənin nə hiss etdiyini anlayıram və çox sevinirəm ki, oğlum aşiq olub.

Biz Süzenlə görüşməyə çox şad olacağıq və onu məmnuniyyətlə qəbul edəcəyik. Eleyn nə lazımdısa, eləyəcək. Onun da sevgidən yaxşı başı çıxır və bəlkə də, sənə məndən daha çox kömək edə bilər.

İtkilərdən narahat olma. Əgər doğru yoldasansa, yanlışların da olacaq. Əsas odu ki, tələsmə. Yaxşı şeylər itmir.

Sevgiylə, atan.

10 noyabr, 1958-ci il.

Tərcümə edən: G.NƏSİB