Mixail Bulqakovun ən sirli əsəri

"Master və Marqarita" Mixail Bulqakovun ən məşhur romanı olmaqla bərabər, həm də ədəbiyyatın ən sirli əsərlərindən biridir. Neçə illərdir ki, tədqiqatçılar romanın sirrini çözməyə çalışır, axtarışlar aparırlar. Əksər araşdırıcıların fikrincə, əsərin sirrinin yeddi açarı var, həmin açarları dərk eləməklə "Master və Marqarita"nı başa düşmək olar.

 

1.Ədəbi mistifikasiya

Araşdırıcılara dəqiq məlumdur ki, Mixail Bulqakov XIX əsr alman mistisizmini ciddi surətdə öyrənirdi. Məhz Tanrı haqqındakı traktatları, xristian və iudaizm dinlərində iblis barədə rəvayətləri, Şeytan haqqında əfsanələri oxuyandan sonra belə bir kitab yazmaq həvəsinə düşmüşdü. Əsərdə onun bütün oxuduqları ümumi şəkildə əks etdirilib.

Bulqakov romanı bir neçə dəfə təzədən işləyib. 1928–1929-cu illərdə romanın ilk variantını qələmə alıb. Həmin vaxt o, əsərini "Dırnaqlı oyunbaz", "Qara sehrbaz" adlandırmaq fikrində idi, Master və Marqaritadan söhbət belə getmirdi. Romanın əsas qəhrəmanı Şeytan idi, yazılanlar İohann Volfhanq Hötenin "Faust" əsərində təsvir olunanlara mahiyyətcə həddən artıq çox oxşayırdı, elə bil rus müəllif o əsəri təzədən işləmişdi. Amma həmin əlyazma çap olunmadı, aqibəti məlum deyil. Həmin vaxt Bulqakov "Müqəddəslərin kabbalası" adlı pyesinin qadağan olunması ilə bağlı sarsıntı keçirirdi, buna görə də əlyazmanı yandırmaq qərarına gəlmişdi. Bununla yanaşı, o, alovda yanmış Şeytan haqqında roman yazmaq barədə fikrini hökumətin nəzərinə də çatdırmışdı.

Mixail Bulqakovun romanının ikinci variantı "İblis, yaxud Böyük kansler" adlanırdı. Əsərin əsas qəhrəmanı kimi, miskin vəziyyətə düşmüş mələk seçilmişdi. Müəllif romanın bu versiyasında artıq Masteri və Marqaritanı düşünmüş, hətta Voland və onun ətrafındakıları da süjetə daxil etmişdi. Amma romanın həmin variantı da işıq üzü görmədi.

Bulqakov, təəssüf ki, tamamlaya bilmədiyi bu möhtəşəm əsərinə "Master və Marqarita" adını üçüncü variantda qoymuş və roman həmin adla da naşirlər tərəfindən çap olunmuşdu.

 

2. Çoxsimalı Voland

Əgər romanı o qədər də dərinə getmədən oxusan, belə bir təəssürat yaranır ki, Voland müsbət qəhrəman, insanlara xas çatışmazıqlarla mübarizə aparmağa cəhd göstərən, yaradıcılığa və sevgiyə himayədarlıq edən bir personajdır. Amma Voland riyakardır, əsəri diqqətlə oxuyanda onun çoxsimalılığı aydın görünür. Həqiqətdə Voland öz-özlüyündə iblisi, başqa cür dərk edilmiş İsa Məsihi – yeni Peyğəmbəri təcəssüm etdirir. Bulqakov çap olunmamış əlyazmalarında Volandı məhz bu cür təsvir edir.

"Master və Marqarita" romanını yalnız çox diqqətlə oxuyanda Volandın çoxsimalılığını dərk eləmək mümkündür. Ancaq bu halda onun, xristian ənənələrinə görə Şeytana çevrilən skandinav Tanrısı Odin və ya qədim german bütpərəst tayfalarının tapındıqları Botanla oxşarlığını sezmək olar. Volandın gələcəkdən xəbər vermək qabiliyyətinə malik olan və min illər əvvəl baş vermiş hadisələri xatırlamağı bacaran mason və böyük sehrbaz qraf Kaliostro ilə zahiri bənzərliyi var.

Diqqətli oxucu xidmətçilərin sehrbazın adını xatırladıqlarını və onun Faland adlandığı barədə mülahizə yürütdüklərini yaxşı xatırlayırlar. Doğrudan da, Voland adı Faland adı ilə səsləşir, amma maraqlı olan təkcə bu deyil. Almaniyada Şeytanın Faland adlandırıldığını çox az adam bilir.

 

3. Şeytanın əshabələri

"Master və Marqarita" romanının ən parlaq qəhrəmanları Begemot,

Azazello və Korovyev-Faqotdur. Yazıçı onları Şeytanın sui-istifadə etdiyi ədalət alətinə çevirib.

Bulqakov qatil İblis və susuz səhralar İblisi olan Azazello obrazını "Əhdi-Ətiq"dən götürüb.

Həmin kitablarda insanlara bəzəklər və silahlar düzəltməyi öyrətmiş, sonra isə gözdən düşmüş mələyin adı Azazellodur. Həmin mələk həm də qadınlara öz sifətlərini boyamağı öyrədirdi ki, bu da İncildə "öz yolunu azmaq sənəti" hesab olunurdu. Buna görə də yazıçının məhz həmin qəhrəmanı Marqaritaya krem verməklə onu yolsuzluğa sürükləyir. Azazello sevgililəri zəhərləyən və Maygeli öldürən şər qüvvədir.

Begemot obrazı romanı oxuyanların hər birinin yaddaşında qalır. Begemot Voland üçün sevimli təlxək rolunu oynayan pişik-qulyabanıdır. Həmin personajın prototipi "Əhdi-Ətiq"də təsvir olunmuş mifoloji heyvan, mistik əfsanələrdəki acgözlük şeytanıdır. Bulqakov Begemot obrazını yaradarkən Anna Dezanjın tarixçəsi ilə tanış olan zaman rastlaşdığı faktlardan istifadə edib. Dezanj XVII yüzillikdə yaşamış, eyni vaxtda yeddi şeytana vurulmuşdu. Həmin şeytanlardan biri də Taxt-taclar sülaləsindən olan Begemot adlı şeytan idi. Onun müasirləri Begemotu fil başlı və qorxunc dişləri olan əjdaha kimi təsvir edirdilər. Şeytan qısa quyruğu, iri qarnı, yoğun dal qıçları ilə begemota oxşayırdı, əlləri isə insan əlləri idi.

Volandın əshabələri arasında yeganə insan Korovyev-Faqotdur. Araşdırıcılar Bulqakovun həmin qəhrəmanının kimin prototipi olduğunu dəqiq müəyyənləşdirə bilməyiblər.

Bununla belə, personajın köklərinin Vitsliputsli adlı tanrıya gedib çıxdığını güman edirlər. Bu fərziyyə Bezdomnı və Berliozun söhbəti əsnasında meydana çıxıb. Həmin söhbətdə asteklərin qurban gətirdikləri həmin müharibə tanrısının adı çəkilir. Faust haqqında əfsanələrə inansaq, Vitsliputsli cəhənnəmin mürəkkəb ruhu, şeytanın ilk köməkçisidir.

 

4. Kraliça Marqo

Bu qəhrəman Mixail Bulqakovun sonuncu arvadına çox oxşayır. Eyni zamanda yazıçı əsərində Marqarita ilə fransız kralı IV Henrinin arvadı olan kraliça Marqo arasında xüsusi əlaqə olduğunu qeyd edir. Şeytanın yanında keçirilən müşavirəyə gedən Gonbul yolda Marqarita ilə tanış olur və onu "işıqlı kraliça" adlandırır, sonra ona Parisdə qanlı Varfolomey gecəsilə nəticələnən toy barədə xatırladır. Bulqakov romanda Varfolomey gecəsinin iştirakçısı olan parisli naşir Gessar barədə də yazıb. Tarixi kraliça Marqarita şairlərin və yazıçıların himayədarı idi. Yazıçı əsərində Marqaritanın dahi Masterə olan sevgisindən söhbət açır.

 

5. Moskva-Yerusəlim

Romanda çoxlu sirlər var. Həmin sirlərdən biri də əsərdəki hadisələrin baş verdiyi zamandır. 1929-cu ilin Pasxa bayramından əvvəlki Əzab həftəsinə (1–7 may) uyğun gələn hadisələr paralel olaraq Ponti Pilatla bağlı epizodlarda da 29, yaxud 30-cu illərin bir həftəsində Yerusəlimdə, həm də Əzab həftəsində təsvir olunur.

Romanın birinci hissəsində həmin tarixçələrdəki hadisələr paralel davam etdirilir, ikinci hissədə baş verənlər bir-biri ilə çulğaşır, sonra isə vahid tarixçəyə çevrilir. Həmin məqamda tarixçə bütövləşir, o biri dünyaya keçir. Bu zaman Yerusəlim də Moskvaya çevrilir.

 

6. Kabbala kökləri

Araşdırıcılar romanı tədqiq edəndə bu nəticəyə gəliblər ki, Mixail Bulqakov "Master və Marqarita" əsərini yazanda təkcə kabbalistika təlimi ilə maraqlanmayıb. Bəzən Volandın dilindən yəhudi mistisizmi konsepsiyasını eşitmək mümkündür.

Kitabda belə bir məqam var. Voland deyir ki, xüsusilə güclü adamlardan heç vaxt heç nə xahiş eləmək olmaz. Onun fikrincə, adamlar lazım olanı özləri verəcək, yaxud təklif edəcəklər. Bu kabbalistik təlim Tanrının vermədiyi şeylərə sahib çıxmağı düzgün saymır. Xristian dini isə ianə qəbul etməyə izin verir. Haidlərin düşüncəsinə görə, insanlar Tanrıya oxşar xəlq olunublar, ona görə də daim işləməlidirlər.

Əsərdə "işıq haqqında" konsepsiyanı da sezmək mümkündür. Həmin fəlsəfə Volandı əsər boyu müşayiət edir. Ay işığı yalnız Şeytan öz əshabələri ilə qeybə çəkiləndən sonra itir. Burada işığı müxtəlif cür mənalandırmaq olar. Məsələn, Dağın zirvəsindəki vəzdə işıq haqqında təlim var. Əgər hər şeyə bir qədər başqa cür yanaşsaq, aydın olar ki, həmin konsepsiya kabbalistik təlimin əsas ideyaları ilə də üst-üstə düşür. O ideyalara görə, Tövrat – işıqdır. Kabbalanın ideyası budur ki, insanın "həyat işığ"na çatması yalnız öz istəyindən asılıdır. Bu da romanın əsas ideyası olan insanın azad seçimi ilə tamamilə səsləşir.

 

7. Sonuncu əlyazma

Mixail Bulqakov kitabın nəşr olunmuş son variantını 1937-ci ildə yazmağa başlayıb. Yazıçı ömrünün axırınacan əsər üzərində işini davam etdirib. Əsəri yazmağa həyatının on iki ilini sərf etsə də, "Master və Marqarita"nı düşündüyü kimi tamamlaya bilməyib. Tədqiqatçılar bunun səbəbini indiyəcən dəqiqləşdirə bilməyiblər. Onlar belə güman edirlər ki, Bulqakov erkən xristian mətnlərini və şeytaniliyin fəlsəfəsini o qədər də yaxşı bilmir, bir sıra məsələlərdən səthi baş çıxarırdı. Bununla belə, o, son cismani qüvvəsini sonuncu əsərinə verirdi. Onun əsərdəki axırıncı redaktəsi Marqaritanın tabut arxasınca gedən ədəbiyyatçılar barədə dediyi sözlərdir. Yazıçı həmin düzəlişi 1940-cı il, fevralın 13-də etmişdi. Bir ay sonra isə dünyadan köçmüşdü.

Mixail Bulqakovun "Master və Marqarita" romanı haqqında son sözləri bunlar idi: "Bir biləydiniz, bir biləydiniz..."

 

Nəriman Əbdülrəhmanlı