Elektron ədəbiyyat və sənət portalı

Vaqif Bayatlı Odərin yeni şeirləri

Bölmə: Ədəbiyyat 02.10.2015

Bir göz yaşında azmışam
üzlə axıram aşağı,
ancaq üzü tanımıram
Bu göz yaşı məndən axır?..
Mən bu gözü tanımıram...

Bütün vücudu və ruhuyla daim Allaha can atan Vaqifi yolundan heç nə döndərə bilmədi. Nə bu dünya, nə onun mal-dövləti, nə çox şairləri yolundan azdırıb qələmini əlindən salan şöhrət azarı. Vaqifi, şəhidi olduğu Sözün əlindən almağa heç nəyin və heç kəsin qüdrəti çatmadı.

Vaqif Sözün xəstəsi, Onun quludu. Bir sözün o biri sözün yanında hansı vəziyyətdə durmasından, hansı sözün hansına daha çox yaraşmasından izaholunmaz zövq alan, hansı sözün hansına kölgə salmasından günlərlə, bəzən aylarla əzab çəkən Vaqifin şairliyi mənə, kimsəsizlər evində çalışan əzabkeş dayənin həyatını xatırladır. Vaqif, əslində sözlə ötürülməsi mümkün olmayan ələgəlməz duyğularını, necəsə oturtduğu bu sözlərə, əsl mənada, dayəlik edir.

Vaqif Bayatlı bu gün Azərbaycanda ən çox tanınan və oxunan şairlərdəndir. Şeirləri bir çox dillərdə və ölkələrdə oxunur, sevilir. Lakin özünün və şeirlərinin ətrafında ildən-ilə cücərib yaşıllaşan bu kütləvi sevgi, bizim Vaqifi ovutmur, onu qışın çovğununda, yayın istisində sərgərdan gəzdiyi küçələrdən, yollardan ala bilmir, gözlərinin dərinliyinə həkk olunmuş kimsəsizlik qorxusunu yoxa çıxarmır. Vaqifin daim oyaq qəlbini, əbədi ac ruhunu nə geniş xalq kütlələrinin məhəbbəti, nə əcnəbi millətlərin marağı, nə varlı mərhəmətlilərin pərəstişi doyura bilmir. Uzaq, qədim qərinələrdən gəlmiş bu qəlbi tək bir İlahi Sevgi – ona nə vaxtsa rəhmlə: “Ol!..” – demiş və elə həmin an da, gözlərinin dərinliyinə baxıb: “Şair ol!” – demiş Uca Eşqin səbəbsiz nisgillər oyadan Böyük Sevgisi doyurur.

MƏSUD

 

“Bəy Atlı Şeirlər” diyarından:

Diz çöküb torpağı – əslində bütün yerüzünü öpənlər həmin anda

həm də yerüzünə uzanan Göyüzünü  –
                                Tanrı ətəyini  də öpürlər

 

Gündüz, ya gecə

diz çöküb torpağı, həm də beləcə –

bütün yerüzünü öpənlər

əslində yerüzüylə birgə Tanrı göyünü –

onun bütün kainatı örtən,

öpən ətəyini öpürlər.

 

Tanrı ətəyini yerüzündən diz çöküb

göyüzündə öpənlərin həmişə, hər an,

hamısının bir-bir, tək-tək

balaca günəşlərtək qalxan,

balaca günəşlərtək öpən alınları, öpən gözləri,

balaca günəş budaqlarıtək qatlanıb öpən,

qatlanıb günəş açan dizləri mübarək.

“Dünyanın ən təhlükəli anlarında dünyanı ağıllandıran dəli gerçəkləri, - ancaq təhlükələrdən açılan uçurum çiçəkləri” silsiləsindən

Çox adam çaxırdan, araqdan, hətta ən son anda boş şüşədən, mənsə şeirdən, elə ilk andan boş varaqdan sərxoş oluram

Kimlərsə bir coşğun çayı keçəntək

bir şüşə şərabdan keçməkdən,

o coşqun çayı

hər iki dünyanı birdən içirmiştək içməkdən,

bədənləri, ruhları,  canları

boşaltdıqları sərxoş badələrtək şərabdan çox,

hər iki dünyayla dolmaqdan,

hətta üçüncü dünya həsrətində qalmaqdan sərxoş olurlar.

Ən şairanələrsə,

dünya gözəli gözlərinə baxantək

eşqlə dolu badənin gözlərinə

elə bircəcə an baxmaqdan,

baxcaq da, o badəylə dolmaqdan,

elə o andan da o badənin,

o gözlərin olmaqdan sərxoş olurlar.

 

Mənsə badə eşqlə dolantək sözlə dolub,

önündə ən dəli badənin də diz çökdüyü

eşqdən də sərxoş, dəli söztək ağlamaqdan, gülməkdən,

eyni anda ağlaya-ağlaya, gülə-gülə

ən ağıllı sözdən də çox, 

ən dəli sözün eşqindən ölməkdən
                                sərxoş oluram.

 

Ruha, cana çox zaman yalan deyən
                             şərablar haqda yox,

ruha, cana eşqtək qalxan Şahanə
                             Şərablar haqda

Dünyaya günəştək çıxan,

ən buludlu canlara da günəştək, eşqtək qalxan,

günəştək, eşqtək baxan o şahanə şərabları

hər zaman, hər çağ içmək günah ancaq

 

Hər zaman, hər çağ

onları ancaq gültək, çiçəktək qoxlamaq,

diz çöküb sevgiylə, eşqlə onlara baxmaq,

onları ruhun gözləriylə görmək,

     öpmək, oxşamaq gərək ancaq.

 

Hər zaman, hər çağ onları içmək –

gözəlliyi, göyü içmək, gülü yeməktək,

adi suya çevirib mədəyə, gödənə, bədənə,

ordan da ayaqlar altına atmaq demək.

Eşqtək mübarək başlar dalğalanar
Eşqtək mübarək dəniz çiyinlər üstdə

Allah ətəyinə aşan an

hamı hamıdan körpə,

hamı hamıdan qoca,

hamı hamıdan cavan,

hamı hamıdan uca,

 

Orda Sevinc də, Dərd də

hər an hər biri  həm tək-tək,

həm də ikisi bir yerdə

bir-birinə eşqdən çiçək,

eşq göz yaşından mübarək

 

Əbədiyyət də aşar, daşar

şəhid ayinləri üstdə,

vurulmuş mübarək başlar

əbədiyyətdən sonra da

mübarək eşqtək dalğalanar

əbədi dəniz çiyinlər üstdə.

 

Bu dünyada o nə eşq idi, o nə sevgiydi,
                                             hardan gəldi,

hər iki dünyada ancaq çiçəklər, güllər bildi

O nə eşq idi bircəcə anda

hər iki dünyadan ucada açdı,

bir şanda - iki bal canda,

hamını hamıdan çox sevən,

heç vaxt “sevirəm” deməmiş

iki şam qocada açdı,

 

Ən qədim Eşqi də şamlar

həm də hər an təzə bilər,

o eşqin göz yaşını da

kipriklər, gözlər incidər,

ən eşqli şamlar şamgüllə,

şamgöylə, göyüzüylə silər.

Ta şamgül, qəmgül açma, Eşq,

qəm onlarla da gülmədi,

ancaq bildi, tək güllə yox,

şamla da, qəmlə də heç kim

mənim qədər sevmədi,

sənin qədər sevilmədi.

 

Avropa qadınları dünyanı daha çox
             öz bədənləriylə,

Şərq qadınlarısa, daha çox
             öz gözləriylə duyarlar, sevərlər

 

Avropa qadınları dünyanı

daha çox  öz bədənləriylə devirərlər,

Şərq qadınlarısa dünyanı

daha çox gözləriylə devirərlər,

            devirib sonra sevərlər.

 

Hər iki dünya üçün də
                                daha tez ayılar qadınlar,

hamını hər an sevgiyə,

gözəlliyə yönəldən Tanrını da onlar

çox anlar kişilərdən daha tez duyar, anlar,

elə ona görə də Tanrı

onu daha çox duyduqları anlarda

qat-qat, çin-çin gözəllik yaradar qadınlarda,

o Tanrı gözəlliyi anları

Tanrı eşqçün daha da şahanə edər onları,

onların çiçəktək açılan gözlərini, 

hətta gözlərdə bir-bir tumurcuqlayıb,

üzlərdə eşqin gülləritək açılan göz yaşlarını da

eşq ətirli edər Tanrı. 

                   

Çünki Tanrı da daha çox sevər

onu gözəllikləriylə duyan ruhları, canları,

Tanrı eşqini duyarkən hər an canlarında,

ruhlarında yeni-yeni gözəlliklər açanları.

 

Bu dünyada hər bir insan,
                             hər bir ölkə, xalq, haqq,

ruhunda oyanacaq hər bir dəli ana
                             hər an oyaq.

Kim deyəcəksə, məndə dəli anlar yox, demək onda daha çox,

dəlilik bu dünyada kimdə açıq,

               kimdə də gizli də olsa da, amma

bir az az, bir az çox hamıda var,

                 həm də gizlicə hamıya doğma,

o hərdən çox duyulmasa da,

                    həmişə hər bir insanın,

hətta hər bir ölkənin, dövlətin, xalqın

hər bir canın heç olmasa, bir azca dəliliyi var,

hətta  o ölkə tarixinin dəli anları da

 

Ancaq, dəli bənzəməz dəliyə - hərənin bir ayrı,
                                ayrı bir dəliliyi,

böyük dövlətlərin böyük dövlət, kiçik dövlətlərin kiçik dövlət,

şahın şah, nökərin nökər, şairin şair dəliliyi,

hətta ən məşhur qəhrəmanımız – qoç Koroğlumuz da dəli deyirdi igidlərimizə,

qələt eləyir başqa xalqlar: dəlilik də hamıdan daha doğma bizə

 

Çox dövlətin tarixində çox dəli
                                anlar da bir gerçək.

O dəli anlar, kim daha çox ağıllıysa yox tək,

həm də ağıllı olduğu qədər də
                                dəliysə bəzən daha haqq,

o yarı dəli, yarı ağıllı tarixdə, taxtda da ancaq,

çox vaxt o tarixə bənzər yarı ağıllı,
                                yarı dəli oturacaq,

                  

Çox şeydə – ölkəmiz,

ağıllılıqda da, elə dəlilikdə də
                                dünyada ən zəngin bəlkə –

Koroğludan üzü bəri hətta dəliliklə

                                fəxr edən tək ölkə.